
Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Məsələnin fəlsəfəsinə diqqət etsək, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Digər tərəfdən, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz addımlar atılıb. Şərq-Qərb dəhlizinin genişləndirilməsi çox vacibdir.
Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çatdırılmasında əsas tranzit dövlət vəzifəsini yerinə yetirir. Eyni zamanda qeyd olunmalıdır ki, təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir. Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu