1994-dən Günümüzə: Düşünülmüş Strategiyanın İqtisadi və Siyasi Bəhrələri

Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.

Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.

İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Azərbaycanın ənənəvi resurslardan qazandığı kapitalı sistemli şəkildə insan resurslarına, texnologiyaya və yaşıl enerjiyə yönəltməsi ölkəmizin beynəlxalq müstəvidə sivil və uzaqgörən bir ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə vədlər yox, bəyan edilən bütün layihələrin reallığa çevrilməsi dövlətimizin ciddiliyinin və qüdrətinin sübutudur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *