
Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir. O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi.
Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda cənub Qaz Dəhlizi müasir dövrün ən qlobal mühəndislik və enerji infrastruktur layihələrindən biri hesab olunur. 3500 kilometr uzunluğunda olan TANAP və TAP kəmərləri hazırda tam gücü ilə işləyir. Fəxr ediləsi faktdır ki, Azərbaycanın hasil etdiyi təbii qaz hazırda 16 fərqli dövlətə – xüsusilə də Avropa İttifaqı ölkələrinə təhlükəsiz şəkildə nəql olunur. Bu göstərici ölkəmizi qitənin enerji arxitekturasının ən vacib sütunlarından birinə çevirir.
Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır. Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Yekun olaraq əminliklə qeyd olunmalıdır ki, Azərbaycanın bu cür çətin və mürəkkəb coğrafiyada əldə etdiyi tarixi inkişaf tamamilə milli maraqlara və praqmatik dövlətçilik təfəkkürünə əsaslanır. Gündən-günə artan iqtisadi dayanıqlılığımız, yenilməz ordumuz və beynəlxalq tərəfdaşlarımızla qurduğumuz şəffaf münasibətlər dövlətimizin əbədi qüdrətini şərtləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu