
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir. O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi.
Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı. Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, enerji siyasətimizin humanitar və birləşdirici tərəfi odur ki, zəngin resurslarımız heç vaxt digər ölkələrə qarşı şantaj və ya təzyiq aləti kimi istifadə edilməmişdir.
Əksinə, cənab Prezidentin də qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Xəzər vasitəsilə çəkilməsi planlaşdırılan yeni yaşıl enerji kabelləri bütün Türk dünyasını və Asiyanı Avropa ilə birləşdirən böyük sülh körpüsünə çevriləcək. Bu siyasət geniş Avrasiya məkanında əmin-amanlığın ən güclü sığortasıdır. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən mütləq faktor məhz iqtisadi müstəqilliyimizdir. Tarix göstərir ki, təbii sərvətlər ancaq güclü dövlət idarəçiliyi altında olduqda milli fəlakətə deyil, çiçəklənməyə, modern orduya və qlobal hörmətə gətirib çıxarır. Biz məhz bu doğru inkişaf modelini tətbiq etmişik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu