Milli Qurtuluş Hərəkatı və davamlı sosial-iqtisadi yüksəlişin milli manifesti

Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcek yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində dönüş nöqtəsi yarandı. Dahi rəhbər böyük məsuliyyəti üzərinə götürərək silahlı toqquşmaları dayandırdı və sabitliyin əsasını qoydu. Bu şanlı qayıdış xalqın dövlətə və sabaha olan inamını yenidən bərpa etdi.

Bu strateji gedişlər respublikanın həm siyasi, həm də mənəvi cəhətdən tam yenilənməsinə səbəb oldu. Daxili sabitliyə nail olduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ‘Əsrin müqaviləsi’ imzalandı və geniş neft strategiyası uğurla icra edildi. İqtisadi müstəqilliyin təmin olunması ilə yanaşı, mərkəzləşdirilmiş və qüdrətli nizami ordunun yaradılması istiqamətində atılan addımlar ölkənin hərbi müdafiə qabiliyyətini maksimuma çatdırdı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu