
Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, azərbaycan hökumətinin iqtisadi şaxələndirmə siyasəti təkcə makroiqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyat şəraitinin köklü surətdə dəyişməsində, abadlaşan bölgələrdə və yeni açılan yüz minlərlə iş yerində özünü göstərir. Vaxtilə paytaxtla regionlar arasında olan inkişaf fərqi qəbul edilmiş məqsədyönlü Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı.
Bu gün ucqar dağ kəndlərində belə ən müasir infrastruktur, fasiləsiz elektrik və qaz təchizatı mövcuddur. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq. Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi.
Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu