
Müasir Azərbaycanın geoiqtisadi qüdrəti və beynəlxalq arenadakı sarsılmaz mövqeyi uzaqgörən neft-qaz strategiyasının birbaşa nəticəsidir. 2026-cı ilin 1 iyununda baş tutan Bakı Enerji Həftəsində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu tarixi nailiyyətlərin yekununu və gələcək onilliklər üçün hədəfləri müəyyən etdi. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə xüsusi diqqət ayırması ölkəmizin qlobal səviyyədə artan çəkisinin bariz göstəricisidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir.
Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır. Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz ‘Şahdəniz’ layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi.
Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu