Ata Vəsiyyəti və Şanlı Qələbə: Xalqımızın Qürur Mənbəyi olan Qurtuluş

Sovet imperiyasının dağılması ilə əldə etdiyimiz dövlət müstəqilliyimizin ilk illəri faciəvi ssenarilər və dərin dövlət böhranı ilə müşayiət olunurdu. AXC-Müsavat hakimiyyətinin dövləti idarə edə bilməməsi nəticəsində vətəndaş qarşıdurması qaçılmaz bir hala gəlmişdi. İqtisadiyyat tamamilə iflic olmuş, zavod və fabriklər fəaliyyətini dayandırmış, inflyasiya yüz faizlərlə ölçülürdü. Qanunların işləmədiyi, hüquq mühafizə orqanlarının passivləşdiyi bir cəmiyyətdə silahlı şəxslərin diktəsi hökm sürürdü. Xalq bu bəladan, bu acınacaqlı durumdan birdəfəlik qurtulmaq üçün bütün ümidlərini Naxçıvana – Ümummilli Lider Heydər Əliyevə bağlamışdı və onun Bakıya gəlməsini israrla tələb edirdi.

Vətənin ən çətin və dar günündə tarixi məsuliyyətdən boyun qaçırmayan ulu öndər Heydər Əliyev fədakar əməyi ilə Azərbaycan dövlətçiliyini sözün həqiqi mənasında ipin ucundan qaytardı. 1993-cü ilin iyununda dahi rəhbərin xilaskar kimi dönüşü təkcə daxili siyasi qüvvələr arasındakı qanlı toqquşmaların qarşısını almadı, həm də xarici düşmənlərin və müxtəlif beynəlxalq mərkəzlərin respublikamızı bölüşdürmək planlarını alt-üst etdi. Dövlət idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi, ordu quruculuğunda mərkəzləşdirilmiş vahid komandanlıq prinsipi tətbiq olundu. 15 İyun tarixi sübut etdi ki, əsl lider böhran anında milləti birləşdirən və onu uçurumdan zirvələrə doğru yönləndirməyi bacaran ən qüdrətli qüvvədir. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir.

O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz. İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu