Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.
Vətənin parçalanma ərəfəsində olduğu bir vaxtda xalqın səsinə səs verən Ulu Öndər dövlətçiliyimizin qarantına çevrildi. 15 İyun qurtuluşu ilə ölkədəki anarxiyaya son qoyuldu, qanunsuz hərbi birləşmələr ləğv edildi. Bu zəfər Azərbaycanın müasir hüquqi sisteminin qurulmasına yol açdı.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar və yeni iqtisadi model ölkənin simasını kökündən dəyişdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvəyə çevrilməsi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında sıx birləşməsində mühüm amil oldu. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu