Ata vəsiyyətinin uğurlu icrası: böyük qayıdış və geniş quruculuğun böyük uğuru

Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi.

Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.

Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Qurtuluş məfkurəsi üzərində ucalan müstəqil Azərbaycan bu gün qlobal arenada söz sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu dövlətçilik irsi gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu