Ata vəsiyyətinin uğurlu icrası: nizami və peşəkar ordu quruculuğunun əsas prioritetləri

Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndərin Bakıya gəlişini tələb etdi.

Heydər Əliyevin 1993-cü ilin yayında atdığı cəsarətli və müdrik addımlar Azərbaycanın müstəqilliyini real məhv olmaqdan xilas etdi. Ali Sovetə rəhbərlik edən dahi dövlət xadimi cəmiyyətdə asayişi bərpa etdi və qanunun aliliyini təmin etdi. Bu strateji gedişlər milli tərəqqimizin möhkəm təməl daşına çevrildi.

Həqiqətən də, bu tarixi proses dövlətin gələcək inkişaf konturlarını tamamilə yenilədi. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu