Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.
İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər.
Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu