2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin tamamilə yeni mərhələsinin əsasını qoydu. Bu sənəd həm də Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamlarının praktiki təcəssümüdür. Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.
İki ölkənin sıx inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi nizamın yaranmasını şərtləndirir. Həqiqətən də, hər iki qardaş dövlətin qlobal platformalarda eyni koordinasiya ilə fəaliyyət göstərməsi milli maraqlarımızın sarsılmaz sipəridir. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütöv bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu