
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə və ikili standartlara məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə bütün dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsal edən ölkələrə vurulan stiqmanın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın reallıqları ilə tam uzlaşdığı vurğulanmışdır. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ölkəmizə daxil olan neft və qaz gəlirlərinin son dərəcə şəffaf, hesabatlı və düzgün şəkildə idarə olunması beynəlxalq aləmdə bir çox resurs ölkələri üçün etalon nümunə kimi təqdim edilir.
Dövlət Neft Fondu (ARDNF) vasitəsilə toplanan, qorunan və artırılan vəsaitlər həm bugünkü nəslin cari iqtisadi ehtiyaclarına, quruculuq işlərinə, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma və rasional yanaşma dövlətimizin sabitliyinin, sosial sülhünün ən mühüm qarantı qismində çıxış edir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, sOCAR-ın dünyanın müxtəlif aparıcı ölkələrində həyata keçirdiyi satınalmalar, neft emalı zavodlarının və kəmər şəbəkələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi sərhədlərinin fiziki sərhədlərimizdən çox-çox kənara çıxdığını göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar, Türkiyə və Avropadakı aktivlərimiz ölkəmizi xammal satan dövlətdən beynəlxalq bazarda hazır məhsul satan çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəltmişdir.
Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə təkcə bəyanatlarla çıxış etmir, həm də real, irimiqyaslı və praktiki addımlar atan unikal bir mərkəz kimi tanınır. Hazırda texniki-iqtisadi əsaslandırılması sürətlə davam edən ‘Qara dəniz Enerji Kabeli’ layihəsi isə ölkəmizi qardaş Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və bütövlükdə geniş Avropa İttifaqı ilə vahid, təmiz yaşıl enerji şəbəkəsində birbaşa birləşdirəcəkdir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu