
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir. Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir.
Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, dövlətimizin təşəbbüskarı olduğu və reallaşdırdığı yeni enerji layihələri sadəcə ticarət obyekti deyil, eyni zamanda geniş coğrafiyada qlobal sülhün və dayanıqlı təhlükəsizliyin qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ nəhəng layihəsinin dərin qaz fazası kimi yeni potensiallar hesabına hasilatımız və ixrac imkanlarımız hər ötən il daha da genişlənir. Xüsusilə indiki, dünyada son dərəcə kəskin geosiyasi gərginliklərin yaşandığı, enerji tədarük zəncirlərinin qırıldığı bir fonda Azərbaycanın Avropa üçün sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır.
Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu