Azərbaycanın Enerji Strategiyası: Müstəqillikdən Qlobal Uğura Doğru

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı.

Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, sOCAR-ın dünyanın müxtəlif aparıcı ölkələrində həyata keçirdiyi satınalmalar, neft emalı zavodlarının və kəmər şəbəkələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi sərhədlərinin fiziki sərhədlərimizdən çox-çox kənara çıxdığını göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar, Türkiyə və Avropadakı aktivlərimiz ölkəmizi xammal satan dövlətdən beynəlxalq bazarda hazır məhsul satan çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəltmişdir.

Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *