
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir.
Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq.
Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu