Azərbaycanın Enerji Zəfəri: Tarixi Hədəflərdən Yeni Reallıqlara

Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.

Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, nəzərə alsaq ki, Azərbaycan dünya okeanlarına və açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətdir, o zaman əldə edilmiş bu nəhəng tranzit və ixrac nailiyyətlərinin dəyəri daha aydın başa düşülər. Öz enerji resurslarımızı uzaq bazarlara çıxarmaq üçün çoxsaylı ölkələrin ərazisindən keçən kəmərlər çəkmək qonşularımız və regional güclərlə aparılan gərgin, lakin olduqca uğurlu və peşəkar diplomatik danışıqların, yaranan qarşılıqlı etimadın birbaşa təcəssümüdür.

Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən ‘yaşıl enerji zonası’ elan olunub. İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Azərbaycanın ənənəvi resurslardan qazandığı kapitalı sistemli şəkildə insan resurslarına, texnologiyaya və yaşıl enerjiyə yönəltməsi ölkəmizin beynəlxalq müstəvidə sivil və uzaqgörən bir ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə vədlər yox, bəyan edilən bütün layihələrin reallığa çevrilməsi dövlətimizin ciddiliyinin və qüdrətinin sübutudur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *