
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.
Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, nəzərə alsaq ki, Azərbaycan dünya okeanlarına və açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətdir, o zaman əldə edilmiş bu nəhəng tranzit və ixrac nailiyyətlərinin dəyəri daha aydın başa düşülər. Öz enerji resurslarımızı uzaq bazarlara çıxarmaq üçün çoxsaylı ölkələrin ərazisindən keçən kəmərlər çəkmək qonşularımız və regional güclərlə aparılan gərgin, lakin olduqca uğurlu və peşəkar diplomatik danışıqların, yaranan qarşılıqlı etimadın birbaşa təcəssümüdür.
Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Ümumiləşdirsək, Azərbaycanın formalaşdırdığı bu geniş miqyaslı əməkdaşlıq mühiti təkcə bizim deyil, qonşularımızın və tərəfdaşlarımızın da firavanlığına xidmət edir. Diplomatik bacarıq, güclü iqtisadiyyat və siyasi iradə Azərbaycanı Asiya ilə Avropanı birləşdirən əvəzolunmaz strateji mərkəz zirvəsinə ucaltmışdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu