
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir. Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir.
Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu