
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və dünyanın aparıcı siyasi-iqtisadi dairələrinin diqqət mərkəzində olan Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu nəhəng qlobal platforma Azərbaycanın həm regional, həm də beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu bir daha təsdiqləyir. Tədbir çərçivəsində aparılan müzakirələr və əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, azərbaycanın ardıcıl siyasət nəticəsində əldə etdiyi mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam sərbəst, cəsarətli və heç kimdən çəkinmədən müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Bizi seçdiyimiz inkişaf yolundan döndərmək istəyən, qərəzli və süni ‘məsləhətlər’ verən dairələrin təzyiqlərini qulaqardına vuraraq, məhz xalqın və milli dövlətçiliyin maraqlarına əsaslanan praqmatik proqram icra etdik. Bunun məntiqi nəticəsi kimi aparıcı beynəlxalq reytinq agentlikləri bu gün Azərbaycan iqtisadiyyatını ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edirlər. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır; dəniz limanlarımız, xüsusən də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa və ən təhlükəsiz yük daşımalarını təmin edir. Gələcəkdə qazın və neftin daşınması ilə yanaşı, qeyri-neft məhsullarının tranziti də ölkəmizə milyardlarla əlavə vəsait və daimi geosiyasi dəstək gətirəcək əsas iqtisadi sütunlardan biri olacaqdır.
Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu