
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda i̇qtisadi təməllərimizin güclənməsinin ən tarixi və müqəddəs bəhrəsi müzəffər ordu quruculuğudur.
Neft və qazdan büdcəyə daxil olan vəsaitlər məqsədyönlü şəkildə ən müasir silah-sursatın alınmasına, hərbi sənayenin inkişafına yönəldildi. 30 il ərzində düşmən tapdağında qalan yurd yerlərimizi cəmi 44 gün ərzində, həm də mürəkkəb qlobal təzyiqlərə rəğmən azad etməyimiz, Ermənistanı kapitulyasiya aktına məcbur etməyimiz bu mükəmməl iqtisadi-hərbi sinerjinin nəticəsi idi. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz ‘Şahdəniz’ layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi.
Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Müstəqillik illərində xalqımızın keçdiyi bu zəngin və möhtəşəm transformasiya yolu gələcək nəsillər üçün ən böyük örnəkdir. Yoxsulluqdan, işğaldan, iqtisadi tənəzzüldən qurtularaq qısa müddətdə qlobal sərmayədara çevrilmək bəşər tarixində az-az dövlətlərə nəsib olan qeyri-adi bir tərəqqi hekayəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu