
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur. İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi.
30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.
Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, asiya ilə Avropa arasındakı coğrafi körpü rolunu daha da möhkəmləndirəcək başqa bir nəhəng təşəbbüs – Mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləridir. Bu xətlər ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu əbədilik daimi edəcəkdir. Şübhəsiz ki, reallaşdırılan bu miqyaslı geoiqtisadi təşəbbüslər bütövlükdə geniş Avrasiya məkanının ekoloji tarazlığına və iqtisadi gələcəyinə həlledici dərəcədə müsbət təsir göstərəcək. Yekun olaraq tam əminliklə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi bu çətin, lakin şanlı inkişaf yolu birbaşa milli maraqlara əsaslanan müdrik və praqmatik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz, güclü ordu və qlobal səviyyəli enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirən ən əsas sarsılmaz amillərdir. Bu güc bizi gələcəyə doğru daha inamla aparır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu