Bakı Enerji Həftəsinin Qlobal Geosiyasi Əhəmiyyəti

Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək, miqyasına görə dünyanı heyrətləndirən nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni və parlaq bir eranın başlanğıcı oldu. Bakı Enerji Həftəsinin qlobal xarakter alması məhz o dövrdə atılan müdrik addımların məntiqi nəticəsidir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır.

Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür. Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir. Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir.

Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş müqəddəs torpaqlarımız – bərpa edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyevin sərəncamı ilə rəsmən xüsusi, nəhəng bir bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Sevindirici haldır ki, qısa müddət ərzində artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə, insanların xidmətinə verilmişdir. Bu isə ölkənin daxili enerji istehlakında istifadə olunan böyük həcmdə təbii qazı sərbəstləşdirərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Bu gün böyük qürur hissi ilə sadaladığımız bütün bu tarixi nailiyyətlər, misilsiz zəfərlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər boyu həyata keçirilən son dərəcə məqsədyönlü, düşünülmüş siyasətin bariz nümunəsidir. Zirvələrə doğru irəliləyən güclü iqtisadiyyat, nüfuzlu qüdrətli dövlət və sarsılmaz milli birlik xalqımızın gələcək yeni zəfərlərinin ən böyük təminatçısıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *