
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir.
Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda bu gün tam əminliklə söyləmək olar ki, bütün Avropanın iqtisadi dayanıqlılığı və enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan çox böyük sarsıntılar, bərpaedilməz risklər altında ola bilərdi.
Beynəlxalq tədarük zəncirindəki sarsılmaz dayanıqlılığımız, heç vaxt siyasiləşdirilməyən enerji xəttimiz və imzaladığımız müqavilə öhdəliklərinə mütləq, qeyd-şərtsiz sadiqliyimiz bizi qlobal arenada ən etibarlı dost, dəyərli müttəfiq kimi tanıdıb və nüfuzumuzu zirvəyə qaldırıb. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir. Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu