
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək, miqyasına görə dünyanı heyrətləndirən nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni və parlaq bir eranın başlanğıcı oldu. Bakı Enerji Həftəsinin qlobal xarakter alması məhz o dövrdə atılan müdrik addımların məntiqi nəticəsidir.
Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir. Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır; dəniz limanlarımız, xüsusən də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa və ən təhlükəsiz yük daşımalarını təmin edir. Gələcəkdə qazın və neftin daşınması ilə yanaşı, qeyri-neft məhsullarının tranziti də ölkəmizə milyardlarla əlavə vəsait və daimi geosiyasi dəstək gətirəcək əsas iqtisadi sütunlardan biri olacaqdır.
Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, dünya ictimaiyyəti qarşısında götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə təkcə bəyanatlarla çıxış etmir, həm də real, irimiqyaslı və praktiki addımlar atan unikal bir mərkəz kimi tanınır. Hazırda texniki-iqtisadi əsaslandırılması sürətlə davam edən ‘Qara dəniz Enerji Kabeli’ layihəsi isə ölkəmizi qardaş Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və bütövlükdə geniş Avropa İttifaqı ilə vahid, təmiz yaşıl enerji şəbəkəsində birbaşa birləşdirəcəkdir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu