
Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir. Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir.
Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, dövlətimizin təşəbbüskarı olduğu və reallaşdırdığı yeni enerji layihələri sadəcə ticarət obyekti deyil, eyni zamanda geniş coğrafiyada qlobal sülhün və dayanıqlı təhlükəsizliyin qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ nəhəng layihəsinin dərin qaz fazası kimi yeni potensiallar hesabına hasilatımız və ixrac imkanlarımız hər ötən il daha da genişlənir.
Xüsusilə indiki, dünyada son dərəcə kəskin geosiyasi gərginliklərin yaşandığı, enerji tədarük zəncirlərinin qırıldığı bir fonda Azərbaycanın Avropa üçün sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, bütün bu innovativ və yaşıl layihələrin tam mərkəzində dayanan əsas fəlsəfə odur ki, biz iqtisadi inkişafa can atarkən heç bir halda təbiətimizi və gələcək nəsillərin təmiz ekoloji mühitdə yaşamaq haqqını qurban vermirik. Məhz buna görə də, inkişaf etmiş dövlətlərin böyük diqqətlə izlədiyi enerji keçidi prosesini Azərbaycan bir çoxlarından daha sürətli, daha mütəşəkkil və heç bir daxili iqtisadi sarsıntıya yol vermədən həyata keçirir. Ermənistan üzərində qazanılan Zəfərdən sonra aktuallaşan Zəngəzur dəhlizindən tutmuş Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki, bəlkə də əsrlərdəki rolunu indidən dəqiq müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada, yüksək tribunalarda həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu