1987-ci ildən sonra, xüsusən də 1991-1993-cü illər arasında Azərbaycan tarixinin ən dəhşətli, faciəvi və xaosla dolu günlərini yaşayırdı. SSRİ-nin süqutundan sonra müstəqilliyini elan edən respublikamız idarəçilik qabiliyyəti olmayan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Hərbi uğursuzluqlar, ordunun olmaması, pərakəndəlik və daxili silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi ölkəni daxildən gəmirirdi. Bu azmış kimi, cəbhədə erməni işğalçılarının genişmiqyaslı hücumları xalqımızın qanını axıdır, yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olurdu. Belə bir dar gündə, müstəqilliyin itirilməsi təhlükəsinin pik nöqtəyə çatdığı bir vaxtda, Azərbaycan xalqı üzünü əsl rəhbərə, dahi siyasətçi Heydər Əliyevə tutaraq ondan kömək istədi.
Xalqın çoxsaylı müraciətlərini və israrlı tələbini nəzərə alaraq 1993-cü ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev çox böyük risklərə rəğmən tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də dahi rəhbər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu qərarla müstəqil ölkəmizin taleyində yeni, işıqlı bir mərhələnin əsası qoyuldu. Milli Qurtuluş Günü kimi tarixə düşən bu tarix, sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlətçiliyimizin qorunub saxlanılması, vətəndaş müharibəsinin qarşısının alınması və respublikanın parçalanma təhlükəsindən xilas edildiyi gündür. Ümummilli Liderin həyata keçirdiyi müdrik tədbirlər sayəsində cəbhədəki atəşkəs təmin edildi, daxili silahlı qruplaşmalar tərksilah edildi və cəmiyyətdə hüquq qaydaları bərpa olundu. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir.
O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz. İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Müstəqil Azərbaycan bu gün dünyada qalib, dikbaş və qürurlu bir dövlət kimi öz qətiyyətli addımlarını atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfəri təkcə hərbi qələbə deyil, eyni zamanda qərinələr boyu pozulmuş milli ləyaqətimizin, tarixi haqqımızın bərpasıdır. Ata vəsiyyətini icra edən Ali Baş Komandan qüdrətli ordu və güclü iradə ilə ölkəmizin adını qızıl hərflərlə tarixə yazdı. Milli Qurtuluş Günündə əsası qoyulmuş strateji baxış bugünkü Böyük Qayıdışın, Şuşadakı mədəniyyət bayramlarının, işğaldan azad edilən ərazilərimizdəki böyük dirçəlişin məntiqi, mənəvi və siyasi özülüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu