
Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur. İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi.
30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz yalnız qaz satmadıq, həm də dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Hazırda ölkə büdcəsinə gələn böyük gəlirlər təkcə xam neftin və qazın satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının ərazimizdən təhlükəsiz daşınması, logistika və tranzit xidmətlərindən qaynaqlanır. Bu isə öz növbəsində iqtisadiyyatımızın şaxələndirilməsinə, daxili bazarların canlanmasına çox mühüm, təkrarlanmaz töhfə verir.
Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu