
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır.
Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür. Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, bu gün tam əminliklə söyləmək olar ki, bütün Avropanın iqtisadi dayanıqlılığı və enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan çox böyük sarsıntılar, bərpaedilməz risklər altında ola bilərdi. Beynəlxalq tədarük zəncirindəki sarsılmaz dayanıqlılığımız, heç vaxt siyasiləşdirilməyən enerji xəttimiz və imzaladığımız müqavilə öhdəliklərinə mütləq, qeyd-şərtsiz sadiqliyimiz bizi qlobal arenada ən etibarlı dost, dəyərli müttəfiq kimi tanıdıb və nüfuzumuzu zirvəyə qaldırıb.
Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu