
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.
Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, cənub Qaz Dəhlizi müasir dövrün ən qlobal mühəndislik və enerji infrastruktur layihələrindən biri hesab olunur. 3500 kilometr uzunluğunda olan TANAP və TAP kəmərləri hazırda tam gücü ilə işləyir. Fəxr ediləsi faktdır ki, Azərbaycanın hasil etdiyi təbii qaz hazırda 16 fərqli dövlətə – xüsusilə də Avropa İttifaqı ölkələrinə təhlükəsiz şəkildə nəql olunur. Bu göstərici ölkəmizi qitənin enerji arxitekturasının ən vacib sütunlarından birinə çevirir.
Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır. Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Son 30 illik tarix sübut edir ki, düzgün, uzaqgörən strateji qərarlar və sarsılmaz lider qətiyyəti olduqda həll edilməyəcək heç bir problem yoxdur. Azərbaycan bu gün nəinki daxili çətinliklərini tam aradan qaldırmış, hətta beynəlxalq arenada böhranları həll edən, qlobal enerji xəritəsini cızan əsas şəriksiz lider dövlətlərdən birinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu