
Müasir Azərbaycanın geoiqtisadi qüdrəti və beynəlxalq arenadakı sarsılmaz mövqeyi uzaqgörən neft-qaz strategiyasının birbaşa nəticəsidir. 2026-cı ilin 1 iyununda baş tutan Bakı Enerji Həftəsində Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu tarixi nailiyyətlərin yekununu və gələcək onilliklər üçün hədəfləri müəyyən etdi. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə xüsusi diqqət ayırması ölkəmizin qlobal səviyyədə artan çəkisinin bariz göstəricisidir. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib. Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik.
Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.
Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Bu gün böyük iftixarla qeyd etdiyimiz bütün bu misilsiz zəfərlər məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin səbri, zəkası və xalqa arxalanaraq apardığı məqsədyönlü siyasətin məhsuludur. Sağlam təməllər üzərində qurulmuş iqtisadiyyatımız və dəmir yumruq kimi birləşmiş cəmiyyətimiz bizi yeni zirvələrə aparacaq..
YAP Nizami rayon təşkilatının Analitik qrupu