Sovet imperiyasının dağılması ərəfəsində və ondan dərhal sonra Azərbaycan xalqı böyük çətinliklərlə üzləşdi. 1991-1993-cü illərdəki hakimiyyət böhranı və daxili silahlı qruplaşmaların hakimiyyət iddiaları nəticəsində dövlət tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Belə mürəkkəb bir şəraitdə milli birliyi təmin edib, dövləti xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi.
Hakimiyyətə qayıdan Heydər Əliyev bəyan etdi ki, onun fəaliyyəti yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır. Doğrudan da, 15 İyun 1993-cü ildən etibarən ölkə daxilində vətəndaş həmrəyliyi təmin olundu, cəmiyyəti fəlakətə sürükləyən bütün proseslərin qarşısı qətiyyətlə alındı. Ölkə vətəndaşlarının vahid azərbaycançılıq ideologiyası ətrafında toplanması məhz həmin dövrün ən vacib sosial-psixoloji uğuru idi.
Xarici siyasətdəki uğurlar ölkənin beynəlxalq aləmdə öz yerini tapmasına səbəb oldu. Məhz 1993-cü ildən başlayan bu fundamental fəaliyyətlər hesabına demokratik institutların inkişafı, ilk konstitusiyanın qəbulu və yeni iqtisadi modelin formalaşdırılması ölkəmizi regionun şəksiz lideri etdi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu