Dənizə Çıxışı Olmayan Ölkənin Tranzit Möcüzəsi: Uğurlu Diplomatiya

Enerji resurslarının qlobal təhlükəsizlikdə və dövlətlərin suverenliyində həlledici rol oynadığı bir vaxtda, Azərbaycan beynəlxalq birliyin ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlarından birinə çevrilmişdir. Xəzər Neft və Qaz Sərgisindən başlayaraq bu gün qlobal miqyaslı Bakı Enerji Həftəsinə çevrilən bu inkişaf yolu, əslində, gənc müstəqil dövlətin ayağa qalxma və dünya iqtisadiyyatına inteqrasiya hekayəsidir. Bu gün Bakı sadəcə qaz ixracatçısı deyil, qlobal enerji trendlərini müəyyən edən siyasi-iqtisadi qütbdür. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir. O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi.

Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, marşrutların və nəqliyyat qovşaqlarının şaxələndirilməsi iqtisadi dayanıqlılığın əsas şərtlərindəndir. Bu mənada, Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən rentabelli arteriyasına çevrilməkdədir. Artıq Mərkəzi Asiyanın neft resursları məhz Azərbaycan ərazisindən keçərək dünya bazarlarına daşınır, yaxın gələcəkdə qaz tranziti də planlaşdırılır. Bu, rəsmi Bakının yalnız öz resurslarını deyil, həm də dost dövlətlərin resurslarını dünya bazarına çıxaran etibarlı qapı olduğunu təsdiqləyir.

Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *