Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar və yeni iqtisadi model ölkənin simasını kökündən dəyişdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvəyə çevrilməsi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında sıx birləşməsində mühüm amil oldu. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu