Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.
Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.
Heç şübhəsiz, qazanılan regional uğurlar və xalqın öz liderinə olan sarsılmaz etibarı bu inkişaf xəttini dönməz etdi. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu