Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər göstərdi ki, güclü və uzaqgörən lider olmadan müstəqilliyi qorumaq qeyri-mümkündür. AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqı iqtisadi və mənəvi cəhətdən tükəndirmişdi. Cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün Heydər Əliyev dühasına ehtiyac var idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkədə xilaskarlıq hərəkatının təməli qoyuldu. Müdrik rəhbər qısa müddətdə ölkədəki silahlı qarşıdurmanı dayandırdı və hüquqi dövlət quruculuğu prosesinə start verdi. Bu tarixi qayıdış xalqın dövlətə olan inamını yenidən bərpa etdi.
Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər əzəli torpaqlarımızın azadlığı Milli Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu