Heydər Əliyev və Qüdrətli Azərbaycan: Qurtuluşdan Tarixi Qələbəyə

Tarixin yaddaşında xüsusi yer tutan 1991-1993-cü illər Azərbaycan üçün anarxiya, iqtisadi uçurum və mənəvi tənəzzül dövrü kimi səciyyələnir. Ovaxtkı naşı və qeyri-peşəkar iqtidarın buraxdığı kobud siyasi səhvlər ucbatından dövlət sərhədlərimiz deşilib tökülür, ərazilərimiz bir-birinin ardınca yadelli işğalçılar tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə qardaş qırğını reallığa çevrilmişdi; hakimiyyət iddialarında olan ayrı-ayrı qruplar xalqın taleyini unudaraq yalnız kreslo uğrunda mübarizə aparırdılar. Cəmiyyətin sabaha olan inamı tamamilə qırılmışdı. Bütün bu bəlalardan yaxa qurtarmağın yalnız bir yolu var idi: dövlət idarəçiliyinin sükanını xalqın qəlbində taxt qurmuş, beynəlxalq miqyaslı siyasi xadim Heydər Əliyevə etibar etmək. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Daxili ictimai-siyasi sabitliyin tam təmin edilməsindən dərhal sonra iqtisadi tənəzzülün qarşısını almaq üçün nəhəng dirçəliş dövrü başlandı. 1994-cü ildə qlobal əhəmiyyət daşıyan ‘Əsrin müqaviləsi’nin imzalanması, Heydər Əliyevin uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi respublikamızın beynəlxalq aləmə inteqrasiyasında inqilabi rol oynadı.

Əldə edilən neft gəlirləri düzgün istiqamətləndirilərək həm əhalinin sosial rifahının yaxşılaşdırılmasına, həm də müasir, yüksək təchizatlı nizami ordunun formalaşdırılmasına sərf olundu. Artıq dünya Azərbaycanı siyasi qeyri-sabitlik məkanı deyil, etibarlı iqtisadi və strateji tərəfdaş kimi tanımağa başladı. Bu nailiyyətlər müstəqil ölkəmizin təməl sütunlarını daha da möhkəmləndirdi. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu