Heydər Əliyev və Qüdrətli Azərbaycan: Qurtuluşdan Tarixi Qələbəyə

Sovet imperiyasının dağılması ilə əldə etdiyimiz dövlət müstəqilliyimizin ilk illəri faciəvi ssenarilər və dərin dövlət böhranı ilə müşayiət olunurdu. AXC-Müsavat hakimiyyətinin dövləti idarə edə bilməməsi nəticəsində vətəndaş qarşıdurması qaçılmaz bir hala gəlmişdi. İqtisadiyyat tamamilə iflic olmuş, zavod və fabriklər fəaliyyətini dayandırmış, inflyasiya yüz faizlərlə ölçülürdü. Qanunların işləmədiyi, hüquq mühafizə orqanlarının passivləşdiyi bir cəmiyyətdə silahlı şəxslərin diktəsi hökm sürürdü. Xalq bu bəladan, bu acınacaqlı durumdan birdəfəlik qurtulmaq üçün bütün ümidlərini Naxçıvana – Ümummilli Lider Heydər Əliyevə bağlamışdı və onun Bakıya gəlməsini israrla tələb edirdi. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir. O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz.

İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Qurtuluş günündən qoyulmuş möhkəm təməllər bizi şanlı Qarabağ Zəfərinə, unudulmaz bir qalibiyyətə çatdırdı. Prezident İlham Əliyevin ‘Dəmir yumruq’ fəlsəfəsi, ordumuzun peşəkarlığı və xalq-iqtidar birliyi sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Ümummilli Liderin və uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bu gün çox şaddır ki, dövlət bayrağımız ölkəmizin bütün guşələrində azad və məğrur şəkildə dalğalanır. Azad Qarabağda həyata keçirilən yenidənqurma işləri, tikilən yeni infrastruktur layihələri Heydər Əliyev yolunun heç vaxt tükənməyəcək əbədi bir inkişaf xətti olduğunu sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu