1987-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsi Azərbaycanın gələcək taleyində böyük fəsadların yaranmasına səbəb oldu. Bu hadisədən çox keçmədən erməni millətçiləri və onların sovet iqtidarındakı havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı mənfur planlarını işə saldılar. Əgər dahi lider həmin dövrdə hakimiyyətdə olsaydı, şübhəsiz ki, erməni separatçıları belə bir ərazi iddiasına heç vaxt cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə, xüsusən 1991-1993-cü illərdə AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki kəskin səriştəsizliyi ölkəni uçuruma doğru sürüklədi. Ölkədə baş alıb gedən hərc-mərclik, silahlı dəstələrin qanunsuz əməlləri və siyasi xaos Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu.
Vətənin ən çətin və dar günündə tarixi məsuliyyətdən boyun qaçırmayan ulu öndər Heydər Əliyev fədakar əməyi ilə Azərbaycan dövlətçiliyini sözün həqiqi mənasında ipin ucundan qaytardı. 1993-cü ilin iyununda dahi rəhbərin xilaskar kimi dönüşü təkcə daxili siyasi qüvvələr arasındakı qanlı toqquşmaların qarşısını almadı, həm də xarici düşmənlərin və müxtəlif beynəlxalq mərkəzlərin respublikamızı bölüşdürmək planlarını alt-üst etdi. Dövlət idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi, ordu quruculuğunda mərkəzləşdirilmiş vahid komandanlıq prinsipi tətbiq olundu. 15 İyun tarixi sübut etdi ki, əsl lider böhran anında milləti birləşdirən və onu uçurumdan zirvələrə doğru yönləndirməyi bacaran ən qüdrətli qüvvədir. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir.
O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz. İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Əsrlər boyu gözlədiyimiz tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin qətiyyətli və mahir rəhbərliyi ilə Azərbaycan xalqı tamamilə yeni bir inkişaf epoxasına qədəm qoyub. Ulu Öndərin ən ülvi arzusu – Şuşanı azad görmək arzusu bu gün artıq reallıqdır. Hazırda Böyük Qayıdış çərçivəsində viran qalmış torpaqlarımızda irimiqyaslı bərpa, quruculuq işləri aparılır, şəhərlərimiz və kəndlərimiz yenidən həyata qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kurs, güclü iqtisadiyyat modeli Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını gələcəkdə də dönmədən təmin edəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu