
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun mərkəzidir.
Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə sosial sferadır. Əhalinin rifah halının sistemli şəkildə yaxşılaşdırılması, müasir xəstəxanalar, məktəblər inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sübutudur. Eyni zamanda qeyd olunmalıdır ki, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq.
Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı. Eyni zamanda qeyd olunmalıdır ki, i̇şğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri nəhəng bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə verilərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Zəngəzur dəhlizindən tutmuş elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək əsrlərdəki rolunu müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu