İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədar Dövlətə Doğru

Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.

Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur. İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi. 30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizi təkcə enerji deyil, həm də mədəniyyətlərin, iqtisadiyyatların və fərqli sivilizasiyaların bir-birinə yaxınlaşması, inteqrasiyası deməkdir.

Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara və iqtisadi sistemlərə malik dövlətlər ortaq maraqlar, qarşılıqlı hörmət və Azərbaycanın yaratdığı etibarlı platforma ətrafında birləşərək hamı üçün qazanclı olan möhtəşəm nəticələr əldə edə bilərlər. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir. Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *