
Tarixi İpək Yolunun üzərində, qitələri bir-birinə bağlayan həlledici coğrafi mövqedə yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində biz elektrik enerjisini idxal etmək məcburiyyətində qalan bir ölkə idiksə, bu gün artıq qlobal dəhlizlərin qarantı və Avropanın əsas enerji təchizatçılarından biriyik. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir. O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.
Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır; dəniz limanlarımız, xüsusən də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa və ən təhlükəsiz yük daşımalarını təmin edir. Gələcəkdə qazın və neftin daşınması ilə yanaşı, qeyri-neft məhsullarının tranziti də ölkəmizə milyardlarla əlavə vəsait və daimi geosiyasi dəstək gətirəcək əsas iqtisadi sütunlardan biri olacaqdır. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır.
Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Dünya güclərinin maraqlarının kəsişdiyi, münaqişələrin səngimədiyi mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz regionda diktə edən deyil, əməkdaşlığa çağıran ədalətli qüvvəyik. Bu mövqe Azərbaycanın əbədi yüksəlişini şərtləndirən ən güclü əxlaqi və siyasi dəyərdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu