
1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən şanlı, ən həlledici səhifələrindən biridir. Həmin çətin tarixi dövrdə Ulu Öndər Heydər Əliyevin və daha sonra Prezident İlham Əliyevin qəbul etdiyi cəsarətli, taleyüklü qərarlar bu gün Bakı Enerji Həftəsində xüsusi qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi bu böyük ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir.
Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır; dəniz limanlarımız, xüsusən də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa və ən təhlükəsiz yük daşımalarını təmin edir.
Gələcəkdə qazın və neftin daşınması ilə yanaşı, qeyri-neft məhsullarının tranziti də ölkəmizə milyardlarla əlavə vəsait və daimi geosiyasi dəstək gətirəcək əsas iqtisadi sütunlardan biri olacaqdır. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu