
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik. Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, sOCAR-ın dünyanın müxtəlif aparıcı ölkələrində həyata keçirdiyi satınalmalar, neft emalı zavodlarının və kəmər şəbəkələrinin genişləndirilməsi Azərbaycanın iqtisadi sərhədlərinin fiziki sərhədlərimizdən çox-çox kənara çıxdığını göstərir.
Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar, Türkiyə və Avropadakı aktivlərimiz ölkəmizi xammal satan dövlətdən beynəlxalq bazarda hazır məhsul satan çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəltmişdir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Bu gün böyük qürur hissi ilə sadaladığımız bütün bu tarixi nailiyyətlər, misilsiz zəfərlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər boyu həyata keçirilən son dərəcə məqsədyönlü, düşünülmüş siyasətin bariz nümunəsidir. Zirvələrə doğru irəliləyən güclü iqtisadiyyat, nüfuzlu qüdrətli dövlət və sarsılmaz milli birlik xalqımızın gələcək yeni zəfərlərinin ən böyük təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu