Karbohidrogen Ehtiyatlarından Dayanıqlı və Şaxələndirilmiş İqtisadiyyata

Yaxın tarixə və inkişaf dinamikamıza nəzər salsaq, açıq şəkildə görərik ki, malik olduğumuz təbii sərvətlərdən, qazandığımız iqtisadi dividendlərdən düzgün, şəffaf şəkildə istifadə edilməsi dövlətin ümumi rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox neft ölkələrinin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan alnıaçıq, böyük uğurla çıxaraq həm öz daxili iqtisadiyyatını tamamilə dirçəltdi, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına misilsiz, əvəzedilməz töhfələr verdi. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir. Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir.

Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, əldə edilmiş bu misilsiz enerji və tranzit nailiyyətləri dənizə, birbaşa dünya okeanlarına çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Öz resurslarımızı qlobal bazarlara çıxarmaq, ixrac etmək üçün onlarla suveren ölkənin ərazisindən keçən dəhlizlər, minlərlə kilometr kəmərlər qurmalı olduq. Bu çətin proses, qonşularımız və onların qonşuları ilə çox gərgin, mürəkkəb, eyni zamanda son dərəcə uğurlu diplomatik danışıqların aparılmasını, hüquqi sazişlərin hazırlanmasını və dəmir iradə tələb edən qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir.

Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *