Karbohidrogen Ehtiyatlarından Dayanıqlı və Şaxələndirilmiş İqtisadiyyata

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, həyata keçirilən düzgün iqtisadi və maliyyə siyasətinin ən böyük nailiyyətlərindən biri də, şübhəsiz ki, ölkənin xarici borcunun minimuma endirilməsidir.

Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan böyük həcmli valyuta ehtiyatlarımız isə mövcud xarici borcumuzu düz 18 dəfədən çox üstələyir. Bu müstəsna makroiqtisadi göstərici Azərbaycana beynəlxalq maliyyə institutlarından asılılığını sıfıra endirmək və yaranan istənilən qlobal, geosiyasi, iqtisadi təzyiqə qarşı qətiyyətlə müqavimət göstərmək, diktə ilə oturub-durmamaq imkanı verir. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz yalnız qaz satmadıq, həm də dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik.

Hazırda ölkə büdcəsinə gələn böyük gəlirlər təkcə xam neftin və qazın satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının ərazimizdən təhlükəsiz daşınması, logistika və tranzit xidmətlərindən qaynaqlanır. Bu isə öz növbəsində iqtisadiyyatımızın şaxələndirilməsinə, daxili bazarların canlanmasına çox mühüm, təkrarlanmaz töhfə verir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, ənənəvi, yüksək gəlirli neft-qaz sənayesindən əldə olunan maliyyə və iqtisadi gücün mərhələli şəkildə bərpaolunan, alternativ mənbələrə transformasiyası yalnız Azərbaycan dövlətinin iqtisadi maraqları üçün deyil, həm də bütöv qlobal ekoloji mühitin xilası üçün çox faydalıdır. Qlobal karbon emissiyalarının kəskin şəkildə azaldılması prosesinə qoşulmağımız, BMT-nin təşəbbüsü olan COP hədəflərinə mütləq sadiqliyimiz bizim qlobal baxış bucağımızın və liderlik uzaqgörənliyimizin tərkib hissəsidir. Nəticə etibarilə yekunlaşdırsaq, əminliklə vurğulamalıyıq ki, ölkəmizin yaratdığı, mərkəzində dayandığı geniş əməkdaşlıq formatı təkcə özümüzün deyil, bütün tərəfdaş dövlətlərin də rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha, uzaqgörənlik və mövcud geoiqtisadi potensialın düzgün birləşməsi Azərbaycanı Avrasiyada əvəzolunmaz və strateji əhəmiyyətli mərkəzə çevirmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *