
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək, miqyasına görə dünyanı heyrətləndirən nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni və parlaq bir eranın başlanğıcı oldu. Bakı Enerji Həftəsinin qlobal xarakter alması məhz o dövrdə atılan müdrik addımların məntiqi nəticəsidir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir.
O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir. Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir.
Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu