Karbohidrogen Ehtiyatlarından Dayanıqlı və Şaxələndirilmiş İqtisadiyyata

Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə və ikili standartlara məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə bütün dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsal edən ölkələrə vurulan stiqmanın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın reallıqları ilə tam uzlaşdığı vurğulanmışdır. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, dövlətimizin yaratdığı strateji idarəetmə modeli sayəsində ölkənin malik olduğu hər bir təbii sərvət, hər bir damla neft yalnız və yalnız xalqın rifahına, dövlətin gələcək davamlı inkişafına xidmət edən mükəmməl mexanizmə çevrilmişdir.

Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı hədəfini seçdik. Bu gün milli brendimiz olan SOCAR yalnız ölkə daxilində deyil, Avropadan tutmuş Yaxın Şərqə, Afrika və Mərkəzi Asiyayadək çox geniş beynəlxalq coğrafiyada nəhəng, gəlirli investisiyalar həyata keçirən qlobal şirkətə çevrilmişdir. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda enerji sahəsində çoxşaxəli, hər kəsin maraqlarını nəzərə alan əməkdaşlıq formatının və təchizat zəncirinin yaradılması ölkəmizin diplomatik dühâsının və çevik xarici siyasətinin ən gözəl məhsuludur. 16 fərqli dövlətin, fərqli iqtisadi maraqların daxil olduğu bu nəhəng tranzit zəncirində yaranan hər hansı təbii fikir ayrılıqları məhz rəsmi Bakının təşəbbüskarlığı ilə dərhal, dialoq yolu ilə aradan qaldırılır.

Azərbaycan tərəfindən məharətlə idarə olunan bu çətin proses faktiki olaraq beynəlxalq və regional inteqrasiyanın klassik bir nümunəsidir. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, şanlı ordumuz tərəfindən işğaldan azad edilmiş müqəddəs torpaqlarımız – bərpa edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyevin sərəncamı ilə rəsmən xüsusi, nəhəng bir bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Sevindirici haldır ki, qısa müddət ərzində artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə, insanların xidmətinə verilmişdir. Bu isə ölkənin daxili enerji istehlakında istifadə olunan böyük həcmdə təbii qazı sərbəstləşdirərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Sonda xüsusi olaraq qeyd edilməlidir ki, gənclərimizin parlaq gələcəyi, ərazi bütövlüyümüzün sarsılmazlığı qurduğumuz bu sağlam iqtisadi fundamentin üzərində qərarlaşıb. Bakı Enerji Həftəsinin tribunasından verilən mesajlar da məhz bu həqiqətin – Azərbaycanın artıq təməli heç bir tufanla sarsılmayacaq qədər qüdrətli, öz qüdrəti ilə dünyaya işıq saçan bir dövlətə çevrildiyinin təzahürüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *