
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı. Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Digər tərəfdən, qlobal siyasi arenadakı mövcud hadisələri nəzərə alaraq demək olar ki, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizi təkcə enerji deyil, həm də mədəniyyətlərin, iqtisadiyyatların və fərqli sivilizasiyaların bir-birinə yaxınlaşması, inteqrasiyası deməkdir.
Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara və iqtisadi sistemlərə malik dövlətlər ortaq maraqlar, qarşılıqlı hörmət və Azərbaycanın yaratdığı etibarlı platforma ətrafında birləşərək hamı üçün qazanclı olan möhtəşəm nəticələr əldə edə bilərlər. Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda ənənəvi, qlobal bazarlara ixrac etdiyimiz zəngin enerji ehtiyatlarımızla yanaşı, hal-hazırda ölkəmizdə bərpaolunan, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab, sıçrayış yaşanır. Mövcud və təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı növbəti 100 il tələbatı ödəməyə tam kifayət etsə də, biz qlobal istiləşmə və ekologiya qarşısındakı məsuliyyətimizi dərk edərək külək və günəş enerjisinə nəhəng həcmdə sərmayələr yatırırıq. Dövlət səviyyəsində qarşıya qoyulmuş strateji hədəf 2032-ci ilə qədər ölkənin bərpaolunan enerji potensialını 8 giqavata çatdırmaqdır. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu